“Köhnə qitə”nin yeni ümidi:“Cənub Qaz Dəhlizi”nin yaratdığı imkanlar - TƏHLİL

kohne qite nin yeni umidi cenub qaz dehlizi nin yaratdigi imkanlar tehlil

Azərbaycanın həyata keçirdiyi layihələrə nikbin baxış

 

“Fitch” beynəlxalq reytinq agentliyinin “Cənub Qaz Dəhlizi” QSC-nin beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləməsi əslində Azərbaycanın indiyədək “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı öhdəliklərini yerinə yetirməsinin təsdiqi kimi qəbul olunması deməkdir. “Fitch”in “Cənub Qaz Dəhlizi” QSC-yə verdiyi reytinq həm də növbəti dəfə dünyanın bir çox ölkəsinin, o cümlədən mötəbər maliyyə qurumlarının, beynəlxalq təşkilatların “Cənub Qaz Dəhlizi” layihəsinə inamın təzahürüdür. Başqa sözlə, reytinq agentliyinin verdiyi bu qiymət Azərbaycanın həyata keçirdiyi layihələrə nikbin baxışın təzahürüdür.

 

“Cənub Qaz Dəhlizi”nə çoxşaxəli dəstək

 

Məhz elə bu səbəbdəndir ki, dünyanın ən müxtəlif tribunalarında, beynəlxalq neft və qaz konfranslarında bir çox ölkə rəsmiləri “Cənub Qaz Dəhlizi” layihəsinə siyasi dəstək verdiklərini bəyan ediblər. Təkcə Azərbaycan üçün deyil, Avropa ölkələri üçün mühüm əhəmiyyətə malik “Cənub Qaz Dəhlizi” layihəsinə gələcəkdə də siyasi dəstəyin davam etdiriləcəyi heç kimdə şübhə doğurmur. Elə “Fitch”in “Cənub Qaz Dəhlizi” QSC-yə verdiyi reytinqlə bağlı məlumatda da bu məqam xüsusi vurğulanıb. Nüfuzlu reytinq agentliyinin mütəxəssisləri də hesab edir ki, Azərbaycanın həyata keçirdiyi bu mühüm layihəyə siyasi dəstək davamlı olacaq: “2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa Birliyi və Türkiyə hökuməti tərəfindən alınıb”.

 

“Cənub Qaz Dəhlizi” layihəsinə siyasi dəstəklə yanaşı, güclü beynəlxalq maliyyə dəstəyi də mövcuddur. “Fitch” reytinq agentliyi tərəfindən də bu məqam xüsusi vurğulanıb. Agentlik mütəxəssisləri qeyd edib ki, 2017-ci ildə “Cənub Qaz Dəhlizi” Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 0,6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb edib. Agentliyin hesablamalarına görə, 2018-2019-cu illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün 2,2 mlrd. dollar məbləğində maliyyə vəsaitinin lazım olacaq. “Fitch”in orta müddətli dövrdə maliyyələşmə ilə bağlı “Cənub Qaz Dəhlizi” Konsorsiumunun inkişaf institutlarından kredit cəlb edəcəyini proqnozlaşdırması Azərbaycanın həyata keçirdiyi layihə üçün maliyyə dəstəyinin davamlı olacağına işarə edir.

 

Azərbaycan dövləti öhdəliyini tam icra edir

 

 

 

Təbii ki, Azərbaycan dövləti layihə üzrə öz üzərində düşən bütün öhdəlikləri, o cümlədən layihənin maliyyələşdirilməsi ilə bağlı öhdəliyinə də əməl edir. “Neft Araşdırmalar Mərkəzi”nin rəbəri İlham Şabanın fikrincə, “Fitch” reytinq agentliyinin açıqladığı hesabatda diqqəti çəkən ən önəmli məqam da məhz odur ki, Azərbaycan dövləti “Şahdəniz-2” qazının çıxarılması və onun dünya bazarlarına göndərilməsi üçün lazım olan infrastrukturun yaradılmasında üzərinə düşən maliyyə öhdəliklərini qrafikə uyğun olaraq yerinə yetirir. O, bunu Azərbaycan tərəfindən həyata keçirilmiş çox böyük bir öhdəlik adlandırır: “2014-cü ilin ikinci yarısından sonra neftin qiymətlərinin iki dəfə aşağı düşdüyü bir dövrdə bir çox maliyyə qurumlarında və ekspert cəmiyyətində Azərbaycanın bu cür yükün altına girməsi ilə əlaqədar, yəni 40 milyard dollarlıq layihənin həyata keçirilməsində və onun əsas yükünün məhz Azərbaycanın üzərinə düşməsi ilə bağlı neqativ fikirlər səsləndirilirdi. Həmin dövrdən 4 ildən çox vaxt keçdikdən sonra, yəni artıq həmin layihələr finişə çatdığı bir zamanda “Fitch” agentliyi belə bir məlumat yayır və bir daha sübut edir ki, Azərbaycan tərəfi öz öhdəliyini vaxtında və heç bir gecikmə olmadan həyata keçirə bilib”.

 

Azərbaycan üçün makroiqtisadi sabitlik layihəsi

 

“Fitch” agentliyi bəyan edib ki, “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Bu faktın özü “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycana xeyir gətirməyəcəyi ilə bağlı bəzi insanların səsləndirdikləri fikirlərin əsassız olduğunu göstərir. Elə neft-qaz bazarını araşdıran ekspert də “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün faydasının az olacağı ilə bağlı fikirləri absurd sayır: “Bəzi insanlar deyir ki, bu, siyasi yönümlü və siyasi motivli layihədir, nəinki kommersiya layihəsidir. Ancaq qeyd edildiyi kimi, Azərbaycan cari ildə ilk dəfə olaraq “Şahdəniz” qazının hasilatına başlayır və mavi yanacağın Türkiyə bazarında satışına qədəm qoyur. Növbəti ildə Türkiyə bazarında layihə gücünün artırılması planlaşdırılır. 2020-ci ildə artıq layihə tam gücünə çatacaq. Yəni, burada söhbət Türkiyəyə illik 6 milyard kubmetr qazın satışından gedir. 2020-ci ildə Avropa bazarında Azərbaycanın ilk qazının satışı başlayır. Həmin ildən də artıq Azərbaycan daha əvvəlki illərdə götürdüyü kreditlərin ödənilməsinə başlayır. Bunlar bəzi insanların Azərbaycanın bu kreditləri ödəmək qabiliyyəti ilə bağlı şübhələri alt-üst edir. Başqa sözlə, bu bir daha onu göstərir ki, bu kreditlər məhz kommersiya yönümlüdür”.

 

Ekspert bildirir ki, bu kreditləri təkcə dövlətimiz deyil, həmçinin Azərbaycanın tərəfdaşı olan şirkətlər də alır: “Təkcə ona görə yox ki, bu kreditlər “Cənub Qaz Dəhlizi” QSC-yə verilib. Bu kreditlərdən, həmçinin Azərbaycanın bu layihədəki tərəfdaşları yararlanıblar. Bu şirkətlər isə heç biri dövlət zəmanəti olmadan bu kreditləri alıblar. Bu isə o deməkdir ki, həmin kreditlər bu layihələrin minimal həddində gəlirlik səviyyəsində hesablanıb, onların kommersiya baxımından rentabelliyi krediti verən təşkilatlar tərəfindən şübhə doğurmur. Yəni, Azərbaycan özünün böyük həcmdə qazının həm regional bazara, həm də dünya bazarına çıxarılmasından mənfəət əldə edəcək. Bu mənfəət də həm Azərbaycan, həm regiondakı oyunçular, həm də onun çatdığı sonuncu nöqtə, yəni onun alıcıları üçün qarşılıqlı fayda şəklində olacaq. Əsas məqsəd də budur”.

 

“Köhnə qitə”nin yeni ümidi

 

İ. Şaban bildirib ki, bu ilin əvvəlində Avropa yenidən qaz bazarında bir təlatümlə üzləşib: “2009-cu ildən sonra belə fors-major halı yaşanmamışdı. Bu, Avropanın mərkəzində yerləşən “Baunqarhen” qaz habında baş vermiş partlayışla əlaqədar idi. O zaman Avropanın bir neçə ölkəsi qısa müddətli də olsa qaz təminatında ciddi problemlər yaşadı. Həmin zaman Avropa Komissiyası vurğuladı ki, əgər “Cənub Qaz Dəhlizi”nin imkanlarından 2020-ci ildə deyil, daha tez istifadə etmək mümkün olsaydı, həmin ölkələr bu çətinliklə üzləşməzdilər. Bu baxımdan da “Cənub Qaz Dəhlizi”nin yeni qaz mənbələrindən Avropaya enerji gətirilməsində çox böyük rolu olacaq”.

 

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyini təmin edəcək və “Köhnə qitə” ölkələrinin daha sabit qaz almasına imkan verəcək. İlham Şaban da bu amilin Avropa üçün çox mühüm olduğunu deyir: “Əsas məsələ odur ki, Avropa yeni bir bazardan qaz alır, yeni infrastrukturla qaz alır. Bu qaz həcmləri onun daxil olduğu ölkələrdə və gələcəkdə bu kəmərlə qazın çatdırılacağı digər ölkələrdə diversifikasiya və şaxələndirməni təmin edəcək ki, bu, bütün mümkün fors-major hallarında avropalı istehlakçıların enerji təhlükəsizliyini və stabil qaz təminatını artıracaq”.

 

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, məhz “Cənub Qaz Dəhlizi” layihəsi son dövrlər ərzində ilk dəfə olaraq Avropa üçün yeni qaz mənbəyi rolunda çıxış edəcək: “Məsələ ondadır ki, hazırda Avropaya təbii qazın çatdırılması üçün müxtəlif layihələr icra olunur. Amma bu layihələrin hər biri mövcud mənbələri şəxələndirilmiş şəkildə çatdırılması üçün nəzərdə tutulub. “Cənub Qaz Dəhlizi” layihəsi isə ilk dəfə olaraq yeni təbii qaz mənbəyini Avropa bazarlarına çatdıracaq. Bu baxımdan Cənub Qaz Dəhlizi” Azərbaycanın hasil etdiyi qazın müxtəlif bazarlara çıxarılması üçün ən önəmli layihələrdən biridir. Azərbaycan “Cənubi Qafqaz” boru kəməri ilə Türkiyəyə qaz ixrac etsə də, növbəti mərhələ olaraq “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizdən qardaş ölkəyə qaz nəqlinin artırılmasına, eləcə də mavi yanacağın Gürcüstan, Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılmasını təmin edəcək. Buna görə də “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan “Şahdəniz 2” layihəsinin ikinici fazası çərçivəsində qaz hasilatının artırılması, “Cənubi Qafqaz” boru kəməri genişləndirilməsi, “TAP” və “TANAP” layihələrinin tikintisinin başa çatdırılması böyük əhəmiyyətə malikdir”.

 

 

 

Nazir müavini hesab edir ki, “Cənub Qaz Dəhlizi” layihəsi qaz ixracını genişləndirməklə Azərbaycan iqtisadiyyatında lokomotiv rolunu oynayacaq. “Bu layihənin tam şəkildə həyata keçirilməsi Azərbaycan qazının uzun illər ərzində Avropa bazarına ixracı deməkdir ki, bu da Azərbaycanın iqtisadi təhlükəsizliyinə ciddi şəkildə bir töhfədir. Yəni, Azərbaycan nefti ilə yanaşı, qazının Avropa bazarlarına çıxarılması ölkəmizin uzun illər boyu bu layihələrdən bəhrə götürməsi ilə nəticələnək. Azərbaycan iqtisadiyyatına ciddi şəkildə dəstək verəcək bu layihə dolayısı ilə digər sahələrin genişlənməsinə, müxtəlif investisiya qoyuluşlarında iqtisadi aktivliyin artmasına ciddi təsir edəcək”, - deyə nazir müavini vurğulayıb. 

 

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267